Simptomlar-qadin-uz-bash – Medera Hospital

ÜNVANIMIZ

Bakı şəh. Əcəmi Naxçıvani 53

*992

Bizə zəng edin

Simptomlar-qadin-uz-bash

SİMPTOMLAR

Baş ağrısı

Dünya əhalisinin ən az yarısı hər il başağrıları ilə qarşılaşır. Ağrı başın istənilən tərəfində ola bilər.  Eyni zamanda başın hər iki tərəfində yerləşşə bilər.

Mümkün  Səbəblər

Baş ağrıları birincili və ikincili olur. Birincili baş ağrılarının səbəbi  birbaşa baş və boyundakı qan damarları, əzələlər və sinirlərlə bağlı olur. Bu kateqoriyaya miqren, gərginlik baş ağrıları aiddir.

İkincili başağrısı isə hər-hansı bir sindrom və ya xəstəliyin əlaməti olaraq özünü göstərir. Çox geniş faktorlar başağrısına səbəb ola bilər, bura aiddir:

  • Alkoqol  qəbulundan sonrakı başağrı
  • Beyin şişləri
  • Damarlarda tromblar
  • Dəm qazı ilə zəhərlənmə
  • Dehidratasiya
  • Qlaukoma
  • Ağrıkəsici dərmanların normadan çox qəbul edilməsi
  • Panika tutmaları
  • İnsult
  • Qan təzyiqinin yüksəlməsi
  • Stress
  • Emosional gərginlik

Diaqnostika

Baş ağrısının növünün və səbəbinin təyini üçün bir-çox hallarda  anamnez toplanması və fiziki müayinə yetərli olur. Lakin mürəkkəb baş ağrılarının səbəbini aydınlaşdırmaq üçün

  • Qan analizləri
  • Rentgen
  • Kompüter tomoqrafiya / Maqnit-rezonans tomoqrafiya

İstifadə olunur.

Müalicə

Baş ağrılarının əksəriyyəti dincəlmək və ağrıkəsici qəbulu ilə aradan qaldırılır.  Həkim təyinatına əsasən ağrıların təkrarlanmaması üçün trisiklik antidepressantlar, serotoninin geri tutulmasının blokatorları, epilepsiya əleyhinə preparatlar və beta-blokatorlar da qəbul edilə bilər.  Belə dərmanları həkim göstərişi ilə içmək vacibdir, çünki həddən çox dərman istifadəsi özü də başağrılarına səbəb ola bilər.

Qızdırma

Qızdırma insanın bədən temperaturunun normal 36-37 dərəcədən yüksəlməsidir. İnsanın bədən temperaturu qidadan, fiziki aktivlikdən, yuxudan və günün saatından asılı olaraq dəyişə bilir. Normada ən yüksək temperatur 18.00da, ən aşağı temperatur isə 3.00da qeyd olunur.

Mümkün Səbəblər

Qızdırma aşağıda sadalanan faktorlarla əlaqəli ola bilər

  • Pnevmoniya, parotit, suçiçəyi və s. kimi infeksiyalar
  • Revmatoid artrit
  • Bəzi dərman maddələri
  • Günvurma, gün yanığı
  • Infarkt
  • Dehidratasiya
  • Amfetamindən çox istifadə
  • Silikoz

Diaqnostika

Qızdırmanın təsdiqlənməsi üçün insanın temperaturu ağız, qolaltı və ya anusdan ölçülməlidir. Əgər temperatur 37.2dən yüksəkdirsə qızdırma hesab edilir. Qızdırmanı yaradan səbəbi aydınlaşdırmaq üçün

  • Qan analizləri
  • Sidik analizləri
  • Rentgen

Istifadə oluna bilər.

Müalicə

Əksər hallarda 38 dərəcəyədək olan qızdırmanı dərmanlarla salmaq tövsiyə olunmur. Əgər qızdırma 38-ə çatır və keçirsə artıq tədbir görülməli və hər 2-3 saatdan bir qızdırma ölçülməlidir.  Qızdırmanı salmaq üçün qeyri-steroid iltihab əleyhinə dərmanlar ( məsələn parasetamol, ibuprofen) istifadə olunur.

Əgər qızdırma bakterial infeksiya nəticəsində yaranmışsa bu zaman həkim antibiotik təyin edə bilər. Virus infeksiyaları zamanı antibiotiklər effektsizdirlər.

İstənilən qızdırma zamanı çoxlu maye içmək və orqanizmin susuzlaşmasının (dehidratasiyanın) qarşısını almaq lazımdır.  Çünki dehidratasiya xəstəliyi daha da ağırlaşdırır.

Əgər qızdırma isti havadan və ya fiziki işdən sonra yaranmışsa QSİƏD kömək etməyəcəkdir, bu zaman pasiyentin bədəni soyudulmalıdır və həkim tərəfindən müayinə olunmalıdır.

Ağızda xoralar (stomatit)

Stomatitlə demək olar ki, hər bir insan nə vaxtsa qarşılaşır. Xoralar ağızın yumşaq toxumalarında  – dodaq, yanaq, diş əti, dil, damaqda rast gəlinə bilər.  Xoraya səbəb ağızın selikli qişasının iltihabıdır. Bəzi hallarda xora hətta qida borusunda da yerləşə bilər. Əksər hallarda xoralar 1-2 həftə ərzində öz-özünə keçir və az narahatçılıq verir.  Stomatitin 2 əsas növü vardır:

  1. Aftoz stomatit – bu zaman qırmızı haşiyəli ağ və ya sarımtıl xoralar ilə xarakterizə olunur.  Tək və ya topa halında yerləşə bilərlər. Daha çox yanağın daxili səthində və damaqda rast gəlinirlər, yoluxucu deyildirlər.

Mümkün Səbəblər:

  • Travma, breket zədəsi, yanağı, dili dişləmək
  • Xərçəng üçün kimya terapiyası
  • Ağız quruluğu
  • Siqaretçəkmə
  • Bakterial və ya virus infeksiyası
  • Immun sistemin zəifləməsi
  • Cinsi yolla keçən infeksiyalar
  • Stress
  • Güclü kimyəvi maddələrdən qıcıqlanma
  • Allergik reaksiya
  • Isti içki və qidanın səbəb olduğu yanıqlar
  1. Herpes stomatiti – “Uçuqlama” olaraq bilinən daha çox dodaq ətrafında rast gəlinən yaralardır. İçərisi maye dolu və ağrılı olur.  Xora yaranmazdan əvvəl yerində qıcıqlanma, yanma hissi və həssaslıq olur. Belə xoralar  quruyur və üzəri sarı qabıq bağlayır. Herpes stomatiti olduqca yoluxucudur.

Müalicə:

Stomatitin müalicəsi onu törədən səbəbdən asılıdır.  Bu səbəbin aradan qaldırılması stomatitin təkrar yaranmasının qarşısını alır. Yerli olaraq isə ağrını azaltmaq və sağalma prosesini sürətləndirmək üçün yerli kortikosteroidlər, antibiotiklər, anestetiklər istifadə oluna biloər.

Profilaktika:

Stomatitiin təkrar yaranmasının qarşısını almaq üçün yumşaq diş fırçası istifadə etmək, qidalanma və su balansına nəzarət etmək, xroniki ağız quruluğunu müalicə etmək, antiseptik ağız yaxalama sularından istifadə etmək tövsiyə olunur.

Xoruldamaq

Xoruldama  hər kəsdə rast gəlinə biləcək bir vəziyyətdir.  Daha çox  artıqçəkili kişilərdə rast gəlinir.  Yaş artdıqca  xoruldama daha da güclənir. Arada bir xoruldama ciddi bir patologiya deyildir və həyat keyfiyyətinə təsir göstərmir.  Lakin adəti hal aldıqda yuxunun keyfiyyətini aşağı salaraq gün ərzində yorğun olmanıza gətirib çıxarır. Xorultu ağız və burundan hava axını bağlı olduğu zamanı yaranır.

Mümkün səbəblər:

  • Burun çəpərinin ayrı olması
  • Burunda polip
  • Allergiya nəticəsində burun tutulması
  • Boğaz və dildə zəif əzələ tonusu
  • Badamcıq və adenoidlərin böyük olması
  • Həcmli boğaz toxuması (artıqçəkili insanlarda tez-tez rast gəlinir)
  • Yumşaq damaq və/və ya dilçəyin normadan uzun olması

Xoruldama ilə əlaqəli sağlamllıq riskləri

Xoruldama adəti hal aldıqda ciddi sağlamlıq problemlərinə yol aça bilər ki, bura yuxuda apnea aiddir. Yuxu apneası yuxu zamanı tənəffüsün qısamüddətli dayanmasıdır.  Apneanın yaratdığı problemlər:

  • Yuxudan tez-tez ayılma (özünüz hiss etməsəniz belə)
  • Yuxunun yüngül olması, dərin yata bilməmək
  • Qanda oksigen səviyyəsinin aşağı olması
  • Xroniki baş ağrıları
  • Yuxu zamanı öskürək və boğulma
  • Artıq çəki
  • Günorta vaxtı yuxululuq və əzginlik

Uzunmüddətli apnoe həmçinin yüksək qan təzyiqi və ürəyin genişlənməsinə səbəb ola bilər.

Müalicəsi:

İlk növbədə həyat tərzində dəyişiklik etmək –  çəkini azaltmaq, sağlam qidalanmaq, yatmazdan öncə dərman qəbulundan qaçınmaq, hər gün eyni vaxtda yatmaq  tövsiyə edilir. Yatarkən yatağın baş tərəfini 10 sm-ədək qaldırmaq da tənəffüs yollarına hava daxil olmasını asanlaşdırır. Bu üsullar yardım etmədiyi zaman həkim tərəfindən nazal steroid sprey və ya nazal striplər təyin edilə bilər.

Xorultuya fiziki blok səbəb olarsa bu zaman törədən səbəbdən asılı olaraq cərrahi müdaxiləyə ehtiyac duyula bilər.

Ağızdan pis qoxu gəlməsi

Diş və dişəti problemləri – çürük dişlər, diş daşları, damaqların qanaması, ağız boşluğunun pis gigiyenası nəticəsində ağızdan pis qoxu gələ bilər.

Həmçinin ağızdan pis qoxu gəlməsinin səbəbləri arasında qida borusunun divertikullarını da qeyd etmək lazımdır. Bəzən qida borusunun divarlarında “ciblər” əmələ gəlir. Qida qalıqları bu “ciblərdə” yığılaraq çürüməyə başlayır ki, bu hal ağızdan pis qoxu gəlməsinə səbəb olur.

Xroniki sinusit, tonzillit, adenoidit kimi LOR-xəstəlikləri də ağızdan pis qoxu gəlməsinə gətirib çıxarır.

Toyuq korluğu

Bu xəstəlik zamanı toyuqlar kimi yaxşı işıqlandırılmamış yerlərdə- alaqaranlıq otaqda, axşam vaxtı çöldə gözlər yaxşı görmür. Bu səbəbdən xəstəliyə “toyuq korluğu” deyilir.

Toyuq korluğunun səbəbləri:

  • İrsi olaraq ötürülə;
  • Digər xəstəliklərin simptomu kimi meydana çıxa;
  • Vitamin çatışmazlığı zamanı müşahidə oluna bilər.

Anadangəlmə toyuq korluğu müalicə olunmur.

Toyuq korluğunun inkişafına səbəb olan faktorlar:

  • gözlərin yorulması
  • yuxusuzluq
  • infeksiyalar
  • sinir sistemi pozğunluğu
  • spirtli içkilərin qəbulu və siqaret çəkmək
  • fasiləsiz şəkildə kompüterdən istifadə

Başdönməsi

Başdönməsi tez-tez təkrarlanırsa, bu bir sıra pozulma və xəstəliklərin əlaməti ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda terapevt xəstəni digər həkimlərin (LOR, nevropatoloq, nevroloq, ortoped və s.) müayinələrinə göndərə bilər.

Beləliklə, tez-tez təkrarlanan başgicəllənmə bu kimi hallarda meydana çıxa bilər:

  • vestibulyar (bədənin müvazinətini nizama salan mərkəz) sinirlərin iltihabı,
  • daxili qulağın iltihabı (eşitmə qabiliyyətinin azalması, qulaqdan hər hansı ifrazatların gəlməsi ilə müşayiət olunur),
  • baş beyini şişləri (güclü baş ağrıları, ürəkbulanması, qusma ilə müşayiət olunur),
  • miqren (baş ağrısı, ürəkbulanması, qusma, qulaqlarda küy və s. kimi simptomlarla müşayiət olunur),
  • Menyer xəstəliyi (bu xəstəlik güclü başgicəllənmələri tutmaları, bir qulaqda eşitmə qabiliyyətinin azalması, ürəkbulanması, qusma ilə müşayiət olunur),
  • baş və boyun travmaları (xüsusilə avtomobil qəzalardan sonra),
  • boyun osteoxondrozu (başgicəllənməsindən əlavə xəstə boyun nahiyyəsində ağrılar və hərəkətliliyin pozulmasını hiss edir),
  • beyin qan dövranı pozulması, insult. Bu halda başgicəllənməsi uzunsürən olur, xəstədə qollarda və ayaqlarda keyimə hissi, nitqin pozulması (xəstə hətta öz adını aydın deyə bilmir) və s. ağır simptomlar meydana çıxır. Dərhal “təcili yardım” çağırmaq və xəstəni xərəkdə xəstəxanaya çatdırmaq lazımdır.

Hamiləlik zamanı qadın orqanizmində ciddi dəyişikliklər baş verir ki, bunun nəticəsində qadında tez-tez başgicəllənmələri ola bilər. Adətən bunun səbəbi hamilə qadınların qanında qlükozanın səviyyəsinin və ya qan təzyiqinin aşağı düşməsidir.

Burun tutulması

Burun tutulması bəzi xəstəliklərin simptomu ola bilər

  • Soyuqdəymə xəstəliyi başlayanda burun əvvəl tutulur, daha sonra isə xəstənin burnundan qatı selik ifraz olunmağa başlayır. Bu hal adətən 1 həftəyə kimi davam edir və sonra keçir. Zökəmlə mübarizə aparmaq üçün burun damcılarından istifadə edilir. Damcılar müxtəlif olur. Belə damcıların müəyyən əks-göstərişləri mövcuddur ki, onları yalnız həkim təyin etməlidir.
  • Əgər selik ifraz olunmur, lakin burun tutulub və insan burunla nəfəs ala bilmir, bu çox təhlükəli simptomdur. Bu sinusitlərin (haymorit, frontit və s.) əlaməti ola bilər. Bu zaman burun ətrafı sinuslarda (boşluqlarda) irin yığılır, insanın burnu tutulur, burun nəfəsalması pozulur. Sinusitlər ciddi xəstəliklərdir. Onlar antibiotiklərin köməyi ilə müalicə olunur.
  • Əgər burun tutulub, selik isə ifraz olunmur, bu allergiyanın əlaməti ola bilər. Allergiyanın səbəbi toz, gül tozcuqları, qida, heyvanlar və s. ola bilər.
  • Hormonal dəyişikliklər da burun tutulmasına səbəb ola bilər. Belə ki, hamiləlik zamanı bir çox qadınlar burun tutulmasından əziyyət çəkir.
  • Ev havasının həddən artıq quru olması da burun tutulmasına səbəb ola bilər. Bu xüsusilə qışda, evdə istilik sistemləri işlədikdə baş verir.
  • Damardaraldan damcılarla sui-istifadə də burun tutulmasına səbəb ola bilər.
  • Anadangəlmə və qazanılmış burun çəpərinin əyriliyi burun nəfəsalmasına mane olur.
  • Burun boşluğunda poliplər əmələ gələ bilər. Bu poliplər vaxt keçdikcə böyüyür və burun boşluğunu tutur. Nəticədə insanın burun nəfəsalması pozulur.

Uzun müddətdavam edən burun tutulması zamanı LOR həkimə müraciət etməyiniz tövsiyə olunur.

Miasteniya

Miasteniya xəstəliyi zamanı insan tez yorulur, zəifləyir, göz qapaqları aşağı düşür, nitq aydın olmur, insan çeynəyəndə və udanda əziyyət çəkir.

Xəstəliyin əsas simptomu əzələ zəifliyidir. Digər simptomlar arasında:

  • çeynəmə əzələlərin tez yorulması
  • çətin nəfəsalma
  • boyun əzələlərin tez yorulması
  • zəiflik
  • patoloji yorğunluq
  • qöz qapaqlarının enməsi
  • nitqin pozulması
  • udmanın çətinləşməsi

Miasteniya xroniki proqressivləşən xəstəlikdir. Nevroloq həkim tərəfindən müalicə olunur. Miasteniya xəstəliyi olan insanlara günün altında qaralmaq, ağır fiziki iş görmək, bəzi dərman preparatları (maqnezium preparatları, sidiqovucular, bəzi antibiotiklər və s.) qəbul etmək olmaz. Bunlar xəstənin vəziyyətinə mənfi təsir edəcək hallardır.

Sol göz qapağının atması

Göz qapağının qeyri-ixtiyari atması tibbdə “miokimiya” adlandırılır. Əksər hallarda spazm bir gözün aşağı göz qapağında olur, lakin bəzən bu yuxarı göz qapağında da mümkündür.

Bu hal qəfildən başlayır və tez də qurtarır. Bir neçə həftə, hətta bir neçə ay ərzində davam edən zaman həkimə müraciət etmək lazımdır.

Göz qapağında tikin səbəbləri arasında

  • Stress
  • Yorğunluq
  • Yuxusuzluq
  • Göz yorğunluğu
  • Kofein və alkoqollu içkilərin qəbulu
  • Quru göz sindromu
  • Qidalanmada maqnezium və kalsium kimi mikroelementlərin çatışmazlığı  və s. göstərmək olar.

Miokimiyadan əziyyət çəkən insanlar kifayət qədər yatmalı və dincəlməli, gözə olan gərginliyi məhdudlaşdırmalı, stress vəziyyətlərindən uzaq olmalıdır.

Saç tökülməsi

Saç tökülməsi – əsrin aktual problemlərindən biridir. Buna əvvəllər orta yaş insanlarda daha çox rast gəlinsə də, hazırda gənclər arasında da yetərincə artım müşahidə olunur. Saç tökülməsinin bir çox səbəbləri vardır:

  • Dəridə olan zədə və xəstəliklər
  • Hormonal pozğunluq
  • Ağır infeksion xəstəliklər
  • Qanda vacib vitamin və mikroelement çatışmazlığı
  • Sinir sisitemi ilə bağlı problemlər və s.

Saç problemlərinin kökü tək dəri ilə kifayətlənməyib, endokrinologiya, nevrologiya, və s. tibb sahələri ilə sıx əlaqəlidir.

Siz də saç tökülməsinin qarşısını almaqda çətinlik çəkirsinizsə “Sağlam Ailə Tibb Mərkəzi”nin təqdim etdiyi check-up müayinəsindən faydalana bilərsiniz.

Saçların tez ağarması

Saç rəngi piqmentlərin sayından asılı olaraq açıq, şabalıdı, kürən və qara rəngdə olur. Bu piqmentlər eumelanin və feomelanindir. Eumelanin qara-qəhvəyi rəng, feomelanin isə sarı-qırmızı tonları təmin edir. Bu 2 piqmentin vəhdəti bütün gördüyümüz bütün saç rənglərini verir. Zamanla saçlarda piqmentlərin sayı azalır, qabarcıqları sayı isə artır. Ağarmış saçlarda piqment olmur, onlar yalnız hava qabarcıqlarından ibarət olurlar.

Bəzən saçların tez ağarması genetik olaraq keçici, bəzən isə irsi olmayan faktor və bir çox xəstəliklərilə əlaqəli ola bilər:

  • B12 vitamini çatışmazlığı
  • Qan azlığı
  • Stess və əsəb sarsıntısı
  • Qalxanvarı vəzin disfunksiyası
  • Piqmentasiyanın pozulması

Qorxu və stress zamanı qanın tərkibindən adrenalin hormonu atılır, nəticədə isə əlavə damarların yığılması effekti yaranır. Saç məməciyinin arteriyasının spazmı və soğanaqların hüceyrələrinin qidalanması pozulur. Nəticədə boyama piqmentinin yaranması dayanır və saçlar ağarır.

Yatarkən ağızdan su gəlməsi

Yan tərəfiniz üzərinə yatdığınız zaman, yer çəkimi ağzınızın açılmasına səbəb olur və ağız suyu udulmaq əvəzinə bayıra axır. Bu, yatarkən ağız suyu axmasının ən çox rast gəlinən səbəbidir.

Sinus infeksiyası

Udqunma və nəfəs alma problemlərinizin səbəbi sinus infeksiyası ola bilər. Həddindən artıq su axmasının səbəblərindən biri də mədə qıcqırması ya da reflyuks ola bilər.Qıcqırma, mədə turşusunun qida borusuna xəbərdarlıq etməsinə səbəb olur. Bu eyni zamanda həddən artıq ağız suyu ifrazatının da səbəbidir.

Allergiyalar və ya zəhərlənmə

Daxili burun iltihabı, qida allergiyası, zəhərlənmə və xüsusilə də həşərat dərmanları və həşərat zəhərinə qarşı reaksiyaya görə vücudunuz həddindən artıq ağız suyu ifraz edə bilər. Ciddi allergiyalar ya da zəhərlənmələr bəzən həyatı təhlükəl yarada bilər. Buna görə allergiya və ya zəhərlənmə halları meydana gəldiyi zaman mütləq həkimə müraciət edin.
Badamcıqlar boğazın arxa hissəsində yerləşən vəzilərdir. Bu vəzilər bəzən iltihablanır və boğazınızda yığılmış olan tüpürcəyi udmağa mane olur. Bu iltihablanma ağız suyu axmasına səbəb olan badamcıq vəzisi iltihabı adlanır.

Digər səbəbləri

  • Hamiləliyin yan təsiri ilə yaranan reflyuks və mədə bulanması
  • Yüksək turşu tərkibli diyetlər
  • Mononukleoz
  • MS Xəstəliyi
  • Parkinson Xəstəliyi
  • Ruh və sinir xəstəlikləri
  • Diş ilə bağlı problemlər

Ən yaxşı müalicə üsulunu təyin etmək üçün əvvəlcə problemi müəyyən etməlisiniz. Vaxt itirmədən allergiya, zəhərlənmə, sinus infeksiyası, badamcıqlar, diş problemləri və ya ruh və sinir xəstəlikləri kimi xəstəliklərin müalicəsi üçün həkimə müraciət etməyiniz vacibdir.

Yaddaşın pisləşməsi

Yaddaşın pisləşməsi müəyyən zaman kəsiyində hadisələrin/faktların xatırlana bilməməsi və ya dəqiqliyinin itirməsi kimi başa düşülür.  Bu zaman pasiyent son zamanlarda baş verən situasiyaları xatırlamasa da, çox əvvəllər baş verən hadisələri dəqiqliklə yada sala bilər.  Belə şikayətlər daha çox yaşlı pasiyentlərdə müşahidə olunur.

Mümkün səbəblər:

  • Beyin damarlarının aterosklerozu
  • Epilepsiya
  • Xroniki yorğunluq sindromu
  • Yuxusuzluq
  • Orqanizmdə yod çatışmazlığı
  • Kəllə-beyin travması
  • Baş beyin şişləri
  • Siqaretçəkmək
  • Xroniki intoksikasiya (zəhərlənmə)
  • Stress
  • Depressiya
  • Menopauza
  • Kimyaterapiya
  • Alzheimer  xəstəliyi
  • Affekt vəziyyəti

Diaqnostika və müalicə:

Yaddaş pozulması hallarının hər birinə pasiyentdən asılı olaraq individual yanaşılmalı və simptomu törədən səbəb aradan qaldırılmalıdır. Özünüzdə yaddaşın zəifləməsini hiss edirsinizsə “Yaddaş zəifliyi” müayinə paketindən istifadə edə və ya  terapevt, endokrinoloq, nevroloq həkimlərinə müraciət edə bilərsiniz.

Diş əti qanaması

Dişəti xəstəliklərinin ilk və ən əhəmiyyətli əlaməti dişəti qanamasıdır. Sağlam dişəti qanamaz.

Genetik amillər, siqaret, hormonal dəyişikliklər, düzgün olmayan ağız gigiyenası, dərman istifadəsi, diabet, düzgün hazırlanmamış qapaq və ya körpülər, düzgün qidalanmama dişəti qanamasına səbəb ola bilər.

Dişlərdə qaşıntı və narahatlıq hissi, dişətlərində çəkilmələr, dişlərdə laxlamalar, diş və dişəti kənarında qara sahələr, ağız qoxusu və ağızda pis dad, dişətlərində yanma, qızartı, şişkinlik dişəti xəstəliyinin simptomlarıdır.

Dişətləriniz qanayırsa, dişətində infeksiya ola bilər, və ya dişlər iltihab yaranma təhlükəsi ilə qarşı-qarşıyadır. Bu halda dişlərinizi fırçalamağa davam edin, lakin mütləq şəkildə stomatoloqa müraciət etmək lazımdır.

Gözlərdə sulanma, quruluq, yanma, batma, qızarma, qaşınma

Bu narahatlıqların yaranmasında televizor, kompüter və mobil telefonların rolu danılmazdır. Bu hallar yaşandıqda gözlərə istirahət vermək lazımdır. Televizor, kompüter və mobil telefondan həddindən çox istifadə edilməsi gözlərin normadan artıq qırpılmasına, bu da gözdə quruluğa və ilkin mərhələdə sulanmaya səbəb olur.

Bunun qarşısını almaq üçün kompüter arxasında uzunmüddətli iş və ya televizora baxarkən ekranın işıqlanmasını minimuma endirmək, gözləri tez-tez qırpmaq, iş qurtarandan sonra yumub onlara bir neçə dəqiqə istirahət vermək lazımdır.

Gözlərin güclü olması isə qidadan birbaşa asılıdır. Normal qidalanma və vitaminlər qəbul etmək gözlərin sonradan yaranan zəifliyin qarşısını almaqla yanaşı onların daha sağlam olmasına imkan yaradır.

Həmçinin konyuktivit zamanı zamanı gözün selikli qişası qızarması, gözdən yaş axması, işıqdanqorxma, gözdən selikli-irinli ifrazatın axması, göz qapaqları kənarlarının şişməsi, kirpiklərin bir-birinə yapışması kimi əlamətlər qeyd edilir. Konyuktivit keçici xəstəlik olub, ümumu məişət əşyaları, dəsmal, yataq dəsti və digər yollarla başqa insanlara da keçə bilər.

Səbəbindən asılı olmayaraq bütün konyuktivit növlərinin eyni simptomları olur və onlara aşağıdakılar daxildir:

  • işığa həssaslıq
  • gözlərdə ağrılar
  • gözlərdən selik və irin
  • göz qapaqlarının ödemi və qızarması
  • gözlərin sulanması

Konyuktivitin ilk simptomlarını müşahidə edən zaman dərhal oftalmoloqa müraciət etmək lazımdır.

Comments are closed.