Boyun ağrısının səbəbləri və müalicəsi necədir?
Son günlərin aktual probleminə çevrilən boyun ağrıları insanlar üçün təhlükəli hala gəlib çıxıb. İnsanların tez-tez boyun ağrılarından şikayət etməsi heç də ürək açan bir vəziyyət deyil. Bəs bu cür problemlərin yaranma səbəbləri nədir?
Boyun ağrılarının yaranma səbəbləri
Texnologiyanın inkişaf etdiyi son dönəmlərdə insanların oturaq həyat tərzinə keçməsi və fiziki aktivliyin aşağı dərəcədə olması dayaq-hərəkət sistemimizin aktiv hissəsi olan əzələlərin zəifləməsinə və bununla yanaşı əzələ və oynaqlarda ağrıların yaranmasına səbəb olur. Əzələ hərəkətliliyinin azalması, qan dövranı sisteminin pozulması, qamətin əyilməsi və s. kimi problemlər bədənimizin bir sıra nahiyələrində ağrıların yaranmasına gətirib çıxarır. Tədricən zəifləyən əzələlər bədənimizdə yaranan zədələnmələrin yaranmasına və artmasına gətirib çıxara bilər. Əlbəttə, boyun ağrılarının yaranma səbəbləri tək bununla bitmir. Buna təsir göstərən bir sıra amillər mövcuddur.
Boyun ağrılarının yaranma səbəbləri:
- Oturaq həyat tərzi
- Fiziki aktivliyin az olması
- Əzələlərin zəifləməsi
- Əzələ və bağlarda yaranan təzyiq (spazma)
- Qan dövranının pozulması
- Oksigensiz mühit
- Yuxu dövrünün düzgün olmaması
- Travmatoloji problemlər və s.
Gördüyünüz kimi boyun ağrılarına təsir edən amillər çoxdur. Bunlar arasında travmatoloji problemlər də var. Bəzi hallarda boyun ağrılarına təsir edən səbəblər travmatoloji problemlərdən də yarana bilir. Belə olan təqdirdə həkim müayinəsindən keçmək tövsiyyə olunur.
Boyun ağrıları və travmatoloji problemlər
Bəzi hallarda boyun ağrıları sağlamlığımızın təhlükə altında olması üçün bizə verilən xəbərdarlıq siqnalıdır. Boyun ağrıları hər nə qədər sadalanan səbəblərdən yaransa da bəzi hallarda həkim müayinəsinə ehtiyac olur. Bir sıra hallar bizi həkim müayinəsinə sövq edir:
- Şiddətli ağrılar zamanı
- Onurğada yaranan bir sıra narahatlıqlar zamanı
- Tez-tez yaranan baş ağrıları zamanı
- Keyimə halları zamanı və s.
Travmatoloji problemlərin yaranma səbəbləri fərqli olduğu təqdirdə müalicə üsulları da tam fərqlidir. Yalnız həkimin qoyduğu diaqnoza əsasən müalicə prosedurları başlamalı və davamlı olaraq həkim tərəfindən izlənilməlidir.
Boyun ağrılarının müalicəsi
Ümumiyyətlə bir problemin müalicəsi onun səbəbini tapmaqdan ibarətdir. Yuxarıda qeyd olunan səbəblərin (travmatoloji problemlər istisna olmaqla) əsas müalicəsi əzələlərin güclənməsidir. Bunun üçün isə:
- Fiziki aktivliyi artırmaq
- Oksigenli mühitdə olmaq
- Daha çox hərəkətli olmaq
- Qaməti düzləşdirmək
- Yuxu müddətimizə diqqət etmək
- Bir sıra massaj üsulları və s.
Müalicə üsulları sadə səslənsə də bunlar bir insanın gündəlik həyat fəaliyyətində etməli olduğu bir prosedurlardır və əminliklə söyləyə bilərik ki, hər bir insan bunları edə bilər.