Uşaqlarda iştahsızlığın səbəbləri və müalicəsi

Uşaqlarda iştahsızlığın səbəbləri və müalicəsi

Qidalanma tənəffüsdən sonra ən vacib həyati fəaliyyətlərdən biridir və xüsusilə inkişaf prosesində olan körpələr və uşaqlar üçün kritik əhəmiyyətə malikdir. Aclıq hissi olaraq da xarakterizə edilən iştah bədənin metabolik fəaliyyətləri üçün lazım olan enerji qəbulunu tənzimləyən yemək istəyi olaraq təyin edilə bilər. Xüsusilə inkişaf dövründə meydana gələn iştahsızlıq doğru zamanda və lazımi müdaxilələrlə idarə olunmazsa uşağın zehni və fiziki inkişafında gerilik, immun sistem çatışmazlığı, həssaslıq kimi ciddi sağlamlıq problemlərinə və müxtəlif xəstəliklərə səbəb ola bilir. Bu kimi problemlərin qarşısını almaq üçün uşaqlarda anoreksiya əlamətləri erkən dərk edilməli və xüsusən də körpələrdə ani iştahsızlığın səbəbləri haqqında dəqiq məlumat əldə edilməlidir.

Uşaqlarda iştahsızlığın səbəbləri nələrdir?

İştahsızlıq müxtəlif xəstəliklərdə tez-tez müşahidə olunan klinik əlamətdir. Bu baxımdan aşağıdakı sağlamlıq problemləri olan uşaqlarda iştahsızlıq müşahidə edilə bilər:

  • Soyuqdəymə, qrip, faringit kimi yuxarı tənəffüs yollarının infeksiyaları,
  • Aşağı tənəffüs yollarının infeksiyaları, məsələn, pnevmoniya, bronxit, bronxiolit,
  • Sidik yollarının infeksiyaları,
  • Qastrit və ya qastroenterit kimi mədə-bağırsaq traktının iltihabları,
  • Uşaqlıqda səpgili xəstəliklər və ya viral infeksiyalar,
  • Böyrək və qaraciyər xəstəlikləri,
  • Hepatit kimi daxili orqanların infeksiyaları,
  • Metabolizmin pozulduğu endokrin xəstəliklər, məsələn, diabet,
  • Depressiya kimi əhval pozğunluqları,
  • Anoreksiya nervoza kimi yemək pozğunluqları və s.

Uşaqlarda ştahsızlıq üçün hansı hallarda həkimə müraciət edilməlidir?

Uşaqlarda olan bəzi iştahsızlıq hallarında bunun sağlamlıq probleminin əlaməti olub-olmadığı qiymətləndirilməlidir. Uşaqlarda ciddi sağlamlıq probleminin olmasından aşağıdakı hallarda şübhələnmək olar:

  • Çəki itirmək,
  • Bütün növ qidalara (taxıllar, zülallar, karbohidratlar və s.) ümumi maraqsızlıq,
  • Uzun müddət qidalanmaqdan imtina,
  • Bulantı və qusma,
  • Yüksək hərarət,
  • Zəiflik, ümumi vəziyyətin pozulması,
  • Artan ürək döyüntüləri,
  • Əsəbilik, narahatlıq və ya ətraf mühitə marağın olmaması.

İştahsızlığın müalicəsi üçün nə edilməlidir?

İştahsızlığı birbaşa aradan qaldırmağa yönəlmiş heç bir müalicə yoxdur. İştahsızlığın aradan qaldırılması problemi yaradan xəstəliyi müalicə etməklə mümkündür. Ona görə də ilk növbədə iştahsızlıq ilə irəliləyən xəstəliyə düzgün diaqnoz qoyulmalı və buna uyğun müvafiq müalicə planlanmalıdır.

Anoreksiya problemi ilə mübarizə apararkən uşaqlarda qidalanmanın azalmaması və bədənin lazımi şəkildə dəstəklənməsi çox vacibdir. Qusma və ishal kimi mədə-bağırsaq problemlərinə görə iştahsızlıq səbəbilə maye və qida itkisi varsa qida çatışmazlığının qarşısını almaq üçün uşağın xəstəxanaya yerləşdirilməsinə və venadaxili müalicəyə ehtiyacı ola bilər.

Əsas xəstəliklər səbəbilə inkişaf edən anoreksiya hallarında xəstəliklərin xüsusi müalicəsinin tətbiqi vacibdir. Əgər yoluxucu xəstəliklərin törədicisi bakterial, göbələk və ya parazitar infeksiyadırsa antibiotik müalicəsi başlanmalıdır. Viral infeksiyalar tez-tez özünü məhdudlaşdırdığından və effektiv antiviral terapiya məhdud olduğundan onları dəstəkləyici terapiya ilə müalicə etmək olar. Mədə-bağırsaq problemləri zamanı dərman müalicəsi ilə yanaşı cərrahi müalicə üsulları da nəzərdən keçirilə bilər. Hormonal pozğunluqlarla əlaqəli hallarda müvafiq endokrinoloji müalicənin başlanması effektivdir. Depressiya və ya anokreziya nervoza kimi psixoloji pozğunluqlarda psixiatr tərəfindən qiymətləndirilmək və müvafiq psixiatrik müalicəyə başlamaq vacibdir.

İştahsızlığa səbəb olan biokimyəvi maddələr tez-tez xəstəliyin gedişində baş verən iltihablı reaksiyaların nəticəsidir. Buna görə də iltihabı azaldan dərmanların istifadəsi uşaqlarda iştahı bərpa etməyə kömək edə bilər. Xəstəlik prosesində uşaqda yüksək hərarət, halsızlıq və yorğunluq kimi əlamətlər iltihabı göstərə bilər. Qızdırmanı  və iltihabı azaltmaq üçün istifadə edilən antiinflamatuar dərmanlar müalicədə təsirli ola bilər. Qidalanmanın dəstəklənməsi bədən müqavimətinin bərpası və iştahın yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.

İştahsızlıq halları olan uşaqlar üçün sadə tədbirlərin görülməsi faydalı ola bilər. Bu tədbirlərdən bəziləri uşaqları tez-tez və kiçik porsiyalarla qidalandırmaq, ailənin digər üzvləri ilə birlikdə qidalanmaq və bunu vərdiş halına salmaq, tam aclıq baş verməmiş uşağa yemək verməmək və qəlyanaltıları azaltmaqdır. Problemləri davam edən zaman valideynlər pediatr və pediatrik dietoloqdan kömək ala bilərlər.

Oxşar xəbərlər