Hepatit B nədir?

Hepatit B bütün dünyada geniş yayılmış qaraciyər iltihabıdır. Xəstəliyin səbəbi hepatit B virusudur. Hepatit B virusu insandan insana qan və digər mayelər vasitəsilə ötürülür. Qorunmayan cinsi əlaqə, narkotik vasitələrin istifadəsi, steril olmayan iynələr və tibbi cihazlar, hamiləlik zamanı körpəyə ötürülmə yoluxmanın digər yollarıdır. Hepatit B ümumi qabdan yemək, içmək, hovuzda çimmək, öpüşmək, öskürmək, eyni tualetdən istifadə etməklə bulaşmır. Xəstəliyin kəskin və ya xroniki gedişi ola bilər. Heç bir simptom göstərməyən səssiz daşıyıcılar ola bilər. Xəstəlik qaraciyər xərçənginə qədər geniş spektrdə inkişaf edə bilir. Bu gün Hepatit B qarşısı alına bilən və müalicə oluna bilən xəstəlikdir.
Hepatit B necə yaranır?
- Hepatit B xəstəsi ilə cinsi əlaqə
- Narkotik istifadəsi
- Salonlarda sterilizasiya olunmamış manikür pedikür dəstləri
- Ülgüc, qayçı
- Qulaq pirsinqi, sırğa
- Steril olmayan alətlərlə sünnət
- Qeyri-steril alətlərlə cərrahi əməliyyat
- Qeyri-steril diş çıxarılması
- Ümumi diş fırçası istifadəsi
- Hepatit Bolan hamilə qadın
Kəskin Hepatit B simptomları
Kəskin hepatit B xəstəliyində heç bir əlamət olmaya bilər və ya aşağıdakı simptomlar müşahidə oluna bilər.
- Gözlərin və dərinin sararması
- Anoreksiya
- Zəiflik
- Oynaq ağrıları
- Ürəkbulanma və qusma
- Mədə ağrısı
Xəstəlik əlamətləri başlayana qədər inkubasiya dövrü 6 həftədən 6 aya qədər ola bilər. Uzun inkubasiya dövrü insanın xəbəri olmadan başqalarına bu xəstəliyə yoluxmasına səbəb olur. Xəstəliyin diaqnozu sadə bir qan testi ilə qoyulur. Diaqnozdan sonra xəstələr adətən xəstəxanaya yerləşdirilir və müalicə olunur. Yataq istirahəti və simptomların müalicəsi tətbiq olunur. Nadir hallarda kəskin hepatit B infeksiyası zamanı fulminant hepatit adlanan ağır vəziyyət yarana bilər . Fulminant hepatitdə qəfil qaraciyər çatışmazlığı inkişaf edir və ölüm nisbəti yüksəlir.
Kəskin hepatit B infeksiyası olan şəxslər alkoqol və siqaretdən uzaq durmalı, sağlam qidalar istehlak etməli, həddindən artıq yorğunluqdan qaçmalı, nizamlı yatmalı və yağlı qidalardan uzaq durmalıdırlar. Qaraciyərin zədələnməsini artırmamaq üçün həkimə müraciət etmədən dərman istifadə edilməməlidir.
Xroniki Hepatit B xəstəliyi
Xəstəlik diaqnozu qoyulandan 6 ay sonra xəstəliyin əlamətləri davam edərsə xroniki xəstəlik sayılır. Xroniki xəstəliyə daha çox erkən yaşlarda rast gəlinir. Yaşla xronikilik azalır. Hepatit B olan analardan doğulan körpələr xroniki olma riski altındadır. Bəzi xəstələr onların vəziyyətini təsadüfən öyrənirlər, çünki xəstəliyin simptomları çox səssiz ola bilər. Diaqnoz qoyulduqdan sonra qaraciyərin zədələnməsinin qarşısını almaq üçün dərman müalicəsi mövcuddur. Xroniki hepatit B xəstəliyinin siroz və qaraciyər xərçənginə çevrilmə ehtimalı var. Xroniki hepatit B xəstələri mütəmadi olaraq sağlamlıqlarını yoxlamalı, spirt və siqaretdən uzaq durmalı, bol tərəvəz və meyvələr olan qidalardan istifadə etməli, stressdən uzaq durmalıdırlar.
Hepatit B diaqnozu necə qoyulur?
Hepatit B qan testləri ilə aşkarlanır. Testlər nəticəsində kəskin və ya xroniki infeksiya, daşıyıcı, keçmiş infeksiya və ya yoluxuculuq olub-olmaması diaqnozu qoyula bilər.
Hepatit B peyvəndi və müalicəsi
Hazırlanmış peyvəndlər sayəsində hepatit B qarşısı alına bilən xəstəlikdir. Peyvəndin qorunma dərəcəsi 90% -dir. Xəstəliyi daşıyanlara və aktiv xəstə olanlara peyvənd edilmir. Peyvənd 3 dozada aparılır: 0, 1 və 6 ay. Rutin Hepatit B testi hamiləliyin təqibi zamanı analar üzərində aparılır. Məqsəd yeni doğulmuş körpəni qorumaqdır.