Sağlam yaşam tərzi üçün əsas addımlar
Sağlam yaşam, sağlam həyat tərzi keçirmək insanlar üçün gündəmin əsas problemlərindən biridir. Yer üzündə sağlam həyat tərzi keçirən insanlar statistik olaraq olduqca azlıq təşkil edir. Bu nəticələr heç də ürək açan deyil.
Nəyə görə bu belədir?
Dünya araşdırmalarına əsasən sağlam yaşamı əngəlləyən günümüzün əsas problemi oturaq həyat tərzidir. Texnologiyanın sürətli inkişafı, insanların iş həyatları, fiziki aktivliyin azalması və s. kimi gözümüzə sadə görünən amillər insanlar üçün ciddi təhlükələrə gətirib çıxarır. Zamanla bu təhlükələr insan sağlamlığı üçün böyük fəsadlar yaradır.
Bəs necə sağlam qalaq?
Sağlam qalmaq insanlar üçün qlobal bir problemə çevrilsə də, əslində bir neçə addımda bu problemi həll etmək mümkündür:
- Sağlamlığımızı düşünmək
- Düzgün və balanslı qidalanmaq
- Davamlı olaraq fiziki aktivliyi artırmaq
- İstirahət və yuxu sisteminə nəzarət etmək
Düzgün və balanslı qidalanma
İnsan sağlamlığının ən əsas sirri düzgün və sağlam şəkildə qidalanmaqdır. Çünki, sağlamlığımız daxili aləmimizdən başlayır. Buna görə də sağlam şəkildə qidalanma hər zaman ön planda olmalıdır. Gün ərzində “Fast-food” qidalardan uzaq olmaq ən düzgün seçimdir. Çünki, bu qidalar orqanizmin düzgün fəaliyyətini pozan, orqanların funksiyalarında problemlər yaradan və bir sıra xəstəliklərin meydana gəlməsinə (məs. Kolorektal xərçəng, bağırsaq mikroflorası pozuntuları, qaraciyər xəstəlikləri, endokrin sistemi problemləri və s.) səbəb olur.
Davamlı olaraq fiziki aktivliyi artırmaq
Oturaq həyat tərzi bir çox insanların iş həyatlarının əsas hissəsini əhatə edir. Ancaq statistik nəticələr artıq çəki problemləri, şəkərli diabet, sinir sistemi pozuntuları və s. kimi problemlərin səbəbini oturaq həyat tərzində görürlər. Bu kimi problemlərlə qarşılaşmamaq üçün gün ərzində fiziki aktivliyi artırmaq ən düzgün yoldur. Fiziki aktivliyi artırmaq, idmanla məşğul olmaq nəinki orqanizmin düzgün fəaliyyəti üçün, eyni zamanda dayaq-hərəkət sistemimizin güclənməsi üçün də olduqca faydalıdır.
İstirahət və yuxu sisteminə nəzarət
İş həyatı insanların zamanla yarana biləcək sinir sistemi pozuntuları üçün açardır. Davamlı əsəb, stress, gün ərzindəki gərginlik və s. sağlamlığımıza ciddi şəkildə təsir edir. Sağlam qalmanın digər bir mərhələsi də gündəlik yuxu sistemimizə diqqət etməkdən keçir. Günlük 7-8 saatlıq yuxu insan sinir sisteminin istirahəti üçün optimal vaxt aralığıdır. Xüsusi ilə də gecə yuxusu olduqca önəmlidir.
Sağlamlığımızı düşünmək
İlk və ən əsas mərhələ sağlamlığımızı düşünməkdir. Bəli, sağlamlığımız daima öz əllərimizdədir. Bütün bu sadalananlar hər bir insanın edə biləcəkəri bir işdir. Belə olduğu təqdirdə nəyə görə öz sağlamlığımız barədə az belə olsa düşünməyək?
Bir çox insanlar sağlamlıqlarını qoruya bildiyi təqdirdə öz sağlamlıqlarını qurban verirlər və nəticədə zamanla üzləşdikləri problemlərin həlli artıq öz əllərimizdə olmur. Buna görə də sağlamlığımızı düşünmək problemin ilk və ən əsas həllidir.